Gürcüstanda SOCAR şirkətinə (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus olan Kulevi neft terminalı 2012-ci ilin avqust ayında 248,116 min ton neft və neft məhsulu qəbul edib. Bu barədə terminalın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Hesabat dövründə terminaldan yola salınan neft və neft məhsullarının ümumi həcmi 258,47 min ton təşkil edib. 102,174 min ton mazut, 76,023 min ton dizel, 80,223 min ton xam neft yola salınıb.
Terminalın istismara verildiyi vaxtdan (16 may 2008-ci il – İF-Az) 12 mln. 227,039 min ton neft və neft məhsulu yola salınıb.
Xəbər verildiyi kimi, SOCAR tərəfindən Kulevi terminalının alınması haqqında müqavilə 2006-cı il dekabrın sonunda imzalanıb. SOCAR bu obyektin 100%-lik sahibidir.
Terminalın istismara verilmə mərasimi 2008-ci il mayın 16-da keçirilib. Terminalın ilkin gücü 10 mln. ton (3 mln. ton neft, 3 mln. ton dizel yanacağı və 4 mln. ton mazut) təşkil edir və gələcəkdə daha 20 mln. tondan artıq həcmədək artırılacaq.