Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 10-13 sentyabr tarixlərində Çinin Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında məlumat verilir.
“Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, innovativ texnologiyaların iqtisadi inkişafa təsiri, eləcə də bu sahələrdə hökumətin rolu müzakirə olunur”, - deyə məlumatda qeyd edilir.
Tədbirdə iştirak son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərin təbliği, o cümlədən Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsinə və reallaşdırılmasına da öz töhfəsini verəcək.
Sammit həmçinin müxtəlif ölkələrin İKT üzrə tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirəcək.