Azərbaycanda banklar əsasən Bakıda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2012-ci il avqustun 1-nə banklar tərəfindən Bakıda borc götürənlərə verilmiş kreditlərin həcmi 9 mlrd. 433 mln. 863,8 min manat və ya bankların respublika üzrə bütün kredit qoyuluşlarının 87,1%-ni təşkil edir.
Ümumilikdə, Bakıda banklar tərəfindən kreditlər orta hesabla illik 15% dərəcəsi ilə verilir. Respublika üzrə kreditlər orta hesabla illik 15,7% dərəcəsi ilə verilir.
Bakıda banklar tərəfindən milli valyutada kreditlərin həcmi cari ilin 2012-ci ilin 1 avqust tarixinə 6 mlrd. 122 mln. 927,7 min manat, xarici valyutada - 3 mlrd. 310 mln. 936,1 min manat təşkil edir. Bununla yanaşı, milli məzənnədə kreditlər üzrə fazi dərəcəsi orta hesabla 15,1%, xarici valyutada - 14,8% təşkil edir.
Avqust ayının əvvəlinə banklar tərəfindən Bakıda borc götürənlərə 2 mlrd. 543 mln. 434,1 min manat qısamüddətli, 6 mlrd. 890 mln. 402,7 min manat məbləğində - uzunmüddətli kreditlər verilib.
Regionlarda kommersiya bankları hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Abşeron iqtisadi regionunda - 330 mln. 311,6 min manat (orta dərəcə illik 18,2%), Aran iqtisadi rayonunda - 302 mln. 872,5 min manat (22,6% dərəcə ilə), Gəncə-Qazax iqtisadi rayonunda – 303 mln. 239,5 min manat (20,8%), Lənkəran iqtisadi rayonunda - 122 mln. 339,4 min manat (24,3%).
Kreditləşdirilmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.