ABŞ Transxəzər qaz kəməri layihəsinin reallaşması məqsədilə Azərbaycan, Türkiyə və Türkmənistana hər cür kömək göstərməyə hazırdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bazar ertəsi mətbuat konfransında bildirib.
“Biz, əlbəttə ki, bu layihəni dəstəkləyirik və onun reallaşması üçün hər cür kömək göstərməyə hazırıq”, - deyə o bildirib.
“Ümid edirəm ki, Azərbaycan, Türkmənistan və Türkiyənin birgə səyləri müsbət nəticə verəcək”, - deyə o əlavə edib.
R.Morninqstar xatırladıb ki, Aİ hazırda bu istiqamətdə səy göstərir və Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger bu məqsədlə Azərbaycana səfər edib.
Transxəzər qaz kəməri layihəsi Xəzər dənizinin dibi vasitəsilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini və sonra Gürcüstan və Türkiyədən keçərək qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Aİ və ABŞ bu layihəni Avropaya alternativ qaz nəqli üçün prioritet hesab edir.