Sentyabrın 13-də Azərbaycan və İsveçrə arasında “Kapital bazarının müasirləşdirilməsi” layihəsinə dair Texniki Yardım haqqında Sazişin imzalanma mərasimi keçiriləcək. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
İsveçrə Konfederasiyası Hökumətinin qrantı ($1,6 mln. – İF-Az) hesabına “Kapital bazarının müasirləşdirilməsi layihəsi” çərçivəsində iki komponentin (hüquqi və tənzimləyici çərçivənin yenilənməsi və gücləndirilməsi, təklifin stimullaşdırılması) maliyyələşdirilməsi planlaşdırılır.
““Kapital bazarının müasirləşdirilməsi” layihəsi “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri olan texniki və təşkilati dəstəyin təmin edilməsinə yönəldilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, "Kapital bazarının müasirləşdirilməsi" layihəsinin ümumi dəyəri $15,8 mln. təşkil edir. Dünya Bankı layihənin həyata keçirilməsi üçün 2011-ci ilin mart ayında Azərbaycana $12 mln. məbləğində kredit ayırıb. Daha $2,2 mln. Azərbaycan hökuməti, $1,6 mln. isə İsveçrə hökuməti tərəfindən İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) xətti ilə texniki yardım qismində ayrılacaq.