Azərbaycanda 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Həmin müəssisələrdə 28,587 min şagird təhsil alır, 4,062 min nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1,453 min istehsalat təlimi ustası fəaliyyət göstərir.
“Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və “Bakı şəhər kənd və qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib, 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib. Son 3 ildə 30 nəfər mühəndis-pedaqoji işçi Türkiyədə təcrübə keçib.
Avropa Komissiyası ilə birlikdə, Almaniya hökumətinin əsas tərəfdaş ölkə kimi seçildiyi “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə başlanılıb. Qeyd edək ki, 2 illik layihənin büdcəsi 1,2 mln. avro təşkil edir.