SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Kəşfiyyatgeofizika İdarəsi tərəfindən Neft-Qaz Emalı və Neft Kimya Kompleksinin inşa olunacağı ərazidə yerinə yetirilən 3D seysmik kəşfiyyat işlərinin materiallarının emal və interpretasiyası başa çatdırılıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Çərşənbə axşamı idarədə ARDNŞ, “Neftqazelmitədqiqat” İnstitutu və Kəşfiyyatgeofizika İdarəsinin mütəxəssislərinin iştirakı ilə yerinə yetirilmiş işlərin nəticələrinin təqdimatı keçirilib”, - deyə məlumatda bildirilir.
Alınmış məlumatların emal və interpretasiyası nəticəsində tədqiqat sahəsinin geoloji quruluşu dəqiqləşdirilib, movcud olan tektonik qırılmalar, onların amplitudu və istiqamətləri müəyyənləşdirilib.
Xəbər verildiyi kimi, Qaradağda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin tikintisinə 2013-cü ilin I rübündə başlanacaq.
Kompleksin ümumi sahəsi 1500 hektar təşkil edəcək və 2018-2020-ci illərdə istismara verilməsi planlaşdırılır. 10 mlrd. kubmetr gücündə Qaz Emalı Kompleksi birinci istismara veriləcək.
İkinci mərhələdə Neft-Kimya Kompleksi, daha sonra 10 mln. ton gücündə Neft emalı zavodu istismara veriləcək. NEZ-də A-92, A-95, A-98 markalı avtomobil benzinlərinin, reaktiv və dizel yanacaqlarının istehsalı nəzərdə tutulur.