Vergilər Nazirliyi yanvar-avqust aylarında dövlət büdcəsinə 4 mlrd. 180 mln. manat həcmində vergi və rüsum köçürüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,6% çoxdur. Bu barədə “Vergilər” qəzetində (Vergilər Nazirliyinin mətbu orqanı) qeyd edilir.
Vergilər Nazirliyi yanvar-avqust aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı 109,7% yerinə yetirib.
Vergilər Nazirliyinin məlumatına görə, 8 ay ərzində neft-qaz sektorunun xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 988,2 mln. manat (bütün daxilolmaların 47,6%-i), qeyri-neft-qaz sektorunun xətti ilə – 2 mlrd. 191,8 mln. manat (52,4%) təşkil edib.
Özəl sektor dövlət büdcəsinə 3 mlrd. 62,8 mln. manat, dövlət sektoru – 1 mlrd. 117,2 mln. manat məbləğində vergi və rüsum daxilolmalarını təmin edib.
Yanvar-avqust aylarında ərazi vergilər idarələrinin xətti ilə vergi daxilolmaları 302,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin 8 ayının göstəricisindən 11,2% çoxdur. Hesabat dövründə ərazi vergilər idarələri tərəfindən plan tapşırığı 110,6% yerinə yetirilib.
8 ay ərzində ƏDV üzrə daxilolmalar 952,8 mln. manat, aksizlər üzrə - 313,3 mln. manat, mənfəət vergisi üzrə – 1 mlrd. 658,5 mln. manat, gəlir vergisi üzrə - 520,1 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ilin may ayında Azərbaycan parlamenti "2012-ci il dövlət büdcəsi haqqında" qanuna düzəlişləri qəbul edib. Bu düzəlişlərə əsasən, 2012-ci ildə Vergilər Nazirliyi üçün dövlət büdcəsinə köçürmələr üzrə plan 5 mlrd. 911,6 mln. manata qədər artırılıb.