Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı təqdim edilib.
Mükafatın təqdimat mərasimi sentyabrın 12-də Həştərxan Dövlət Filarmoniyasında olub.
Mərasimdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, həştərxanlıları Azərbaycanla ümumi Xəzər dənizi birləşdirir və bizim məqsədimiz hamımızı əhatə edən təbiəti qorumaqdır.
“Həştərxanlılar tarixən həmişə Azərbaycan xalqına məhəbbətlə yanaşıblar. Buna görə də hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası ürək açır. Bugünkü tədbirlər – Dostluq körpüsünün, Uşaq şəhərciyinin açılışı, müqəddəs knyaz Vladimirin gələcək abidəsi yerində təməl daşının qoyulması bunu təsdiq edir”,- deyə qubernator qeyd edib.
O, Həştərxanda həyata keçirilmiş layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna həştərxanlılar adından minnətdarlığını bildirmişdir.
“Həştərxan gözəl şəhərdir, lakin burada mənə daha çox xoş gələn insanlardır. Çünki sizin hərarətinizi duymamaq mümkün deyildir. Qarşıda bizim hələ çox layihələrimiz olacaq”.-Heydər Əliyev Fondunun vitse-prezidenti L. Əliyeva bildirib.
Sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib.