Azərbaycan və Niderland cümə axşamı Bakıda əməkdaşlığın genişlənməsinə yönələn sənədlər paketi imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
Xüsusilə, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Niderland Krallığı baş nazirinin müavini Maksim Verhagen “Sərmayələrin təşviqi və qorunması haqqında saziş” layihəsinə dair bəyanatı imzalayıblar.
Bundan başqa, Azərbaycan Diplomatik Akademiyası və Maastrix İdarəetmə Mərkəzi “Biznesin idarəedilməsi sahəsində anlaşma memorandumu” imzalayıblar.
Azərbaycan Dövlət Aqrar Universiteti və Hollandiyanın “Friesian” konsaltinq şirkəti arasında “Biznesin idarəolunması üzrə magistr kurslarının və eksperimental fermaların inkişaf etdirilməsi üzrə anlaşma memorandumu” imzalanıb.
ADEC şirkəti (“Bakı Ağ Şəhər” layihəsinə rəhbərlik edən) və Hollandiyanın “UN Studios” şirkəti “Bakı Ağ Şəhər” layihəsində 10 min kv. metrlik ofis sahəsi üzrə texniki layihə” imzalayıblar.