Azərbaycanda 2012-ci ilin yanvar-avqust aylarında qızıl hasilatı 973,1 kiloqram təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 15,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanda həmçinin 449,8 kiloqram gümüş çıxarılıb (azalma 51,1%).
Çıxarılan qızıl və gümüş emala verilib.
Xəbər verildiyi kimi, “Production Sharing Agreement” tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb. Müqavilə 6 yatağın işlənməsini nəzərdə tutur: biri – Naxçıvanda, ikisi – Gədəbəydə (Bakıdan 450 kilometr qərbə) və üçü – erməni silahlı qüvvələri tərəfindən işqal edilən Kəlbəcər və Zəngilanda. Müqavilədə iştirak payının 51%-i Azərbaycan tərəfinə, 49% - Amerika şirkətinə məxsusdur. Müqavilə ilkin ehtiyatları 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis olan Azərbaycanın 9 qızıl yatağının işlənməsini nəzərdə tutur. Bu, Azərbaycanın qızıl yataqlarının işlənməsi haqqında imzalanmış birinci müqavilədir. Dünya bazarlarında qızılın qiymətinin aşağı olması ilə əlaqədar müqavilə üzrə işlər demək olar ki, başlanmadan 2005-ci ilə kimi dondurulub. Bu yataqların işlənməsi üzrə işləri həyata keçirmək üçün “Azerbaijan International Mining Company” əməliyyat şirkəti yaradılıb.
Bundan əlavə, “Azerbaijan International Mineral Resources Operating Co” şirkəti də “Qarabağ”, “Çovdar”, “Göydağ”, “Dağkəsəmən” yataqları, eləcə də “Köhnəmədən” sahəsi və “Kürəkçay” hövzəsinin işlənməsinə dair sazişlər çərçivəsində Azərbaycanın qızıl və dəmir filizi yataqlarının işlənməsi ilə məşğul olur. Saziş 2006-cı il dekabrın 30-da imzalanıb. Müqavilədə Azərbaycanın payı 30% təşkil edir, 70% isə 5 xarici şirkətin – “Londex Resources S.A.”, “Will and Meyris S.A”., “Fargate Mining Corporation, Globex International LLP” və “Mitsui Development Engineering Co Ltd.” şirkətlərinin payına düşür. Saziş 30 il müddətinə nəzərdə tutulub.