Keçən həftə ərzində Azərbaycanın yollarında baş vermiş 63 yol nəqliyyat hadisəsi nəticəsində 41 nəfər həlak olub,78 nəfər yaralanıb. Bu barədə”İnterfaks - Azərbaycan” agentliyinə DİN-dən bildirilib.
Ən ağır qəzalardan biri Hacıqabul rayonunda baş verib.”VAZ 21 06” markalı avtomobil kollektora yuvarlanıb. Qəza nəticəsində az yaşlı uşaq da daxil olmaqla üç nəfər həlak olub.
Daha bir ağır yol qəzası Astara rayonunda qeydə alınıb.”VAZ 21063” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər həlak olub. Yevlax rayonunda Türkiyə vətəndaşı tərəfindən idarə edilən “Mersedes” markalı avtomobil aşaraq yanıb. Hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb. Qusar, Şəmkir və Oğuz rayonlarının hər birində baş vermiş yol nəqliyyat hadisələrində də bu qədər ölüm faktı qeydə alınıb.