Azərbaycan Prezidenti İlham Əliyev bazaar ertəsi Parisdə “GDF-Suez”, “Total”, “Tecnip” şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Bu barədə rəsmi mətbuat məlumat verib.
“GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüş zamanı “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşdə
“Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlığı müzakirə edib.
“Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüş zamanı şirkətin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub.
Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.