ATƏT missiyası sentyabrın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirməyi planlaşdırır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin iştirakı ilə Azərbaycanın Fizuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında keçiriləcək.
Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında saziş 1994-cü ilin may ayında imzalanıb. ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasında tərəflərin atəşkəs rejiminə riayət edib-etməməsi haqqında məlumat almaq məqsədilə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə cəbhə xəttində müntəzəm olaraq monitorinqlər təşkil edir.
90-cı illərdə ermənilər və azərbaycanlılar arasında başlayan qanlı münaqişənin gedişində təkcə Dağlıq Qarabağ deyil, həm də onun ətrafında olan Azərbaycanın 7 rayonu - Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı işğal edilib. Nəticədə bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib ki, hazırda onlar çadır şəhərciklərində yaşayırlar.
BMT-nin Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalını pisləyib. Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin işğal altında olan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransanı təmsil edən həmsədrləri məşğul olur.