Transxəzər qaz kəmərinin reallaşması üçün Türkmənistanın dəqiq mövqeyi və Avropanın bütün nəql olunan qazı almaq öhdəliyi lazımdır. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev çərşənbə axşamı jurnalistlərə bəyan edib.
“Burada əsas məsələ - Türkmənistandır. Əgər Aşqabad bu layihəni vacib hesab edir və boru kəmərini Qərbə yol kimi qəbul edirsə, o zaman Azərbaycan layihə üçün ərazisini verməyə hazırıdır”, - deyə N.Əliyev bildirib.
O qeyd edib ki, Aİ həçinin Transxəzər qaz kəməri layihəsində maraqlıdır, bununla əlaqədar üçtərəfli məsləhətləşmələr aparılır (Azərbaycan, Türkmənistan və Aİ). “Danişiqlarda əsas və çətin şərtlərdən biri tərflərin öhdəlikləridir. Belə ki, qaz kəmərinin gücü ilkin mərhələdə 30 mlrd. kubmetrdən az olmamalıdır. Avropa İttifaqı Transxəzər qaz kəməri ilə nəql olunan qazın bütün həcmini alacağına zəmanət verməlidir. Bundan başqa, o cümlədən boru kəmərinin tikintisinin maliyyələşdirilməsi məsələsi açıq olaraq qalır”, - deyə nazir qeyd edib.
N.Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bu ölkələrin razılığı kifayətdir. “Bakıda keçirilən Xəzəryanı dövlətlərin sammitində bu məsələ müzakirə edilib və hamı razılaşıb ki, boru kəmərinin çəkilməsi üçün iki ölkənin razılığı kifayətdir. Bu fikri sammitdə iştirak edən Rusiya prezidenti Dmitri Medvedev də təsdiq edib. Bununla yanaşı, digər Xəzəryanı dövlətlər ekoloji tərkib barədə öz fikirlərini qeyd edə bilərlər”, - deyə N.Əliyev Rusiya və İranın Xəzərin hüquqi statusu nizamlanmadan boru kəmərinin çəkilməsinin mümkünsüz olması barədə etirazlarını şərh edərək bildirib.