Bazar ertəsi Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin əksəriyyəti xəstəxanadan buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Agentliyin müsahibinin sözlərinə görə, hadisə nəticəsində ümumilikdə 10 nəfər əsasən buxarla zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləışdirilib. Onlardan əksəriyyətinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanada bir nəfər zərərçəkən qalıb, lakin onun vəziyyəti normallaşır. Çərşənbə axşamı onun xəstəxanadan buraxılması gözlənilir.
Bundan başqa, partlayış nəticəsində hadisə yerində iki nəfər həlak olub, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Onların zavodun işçiləri olduğu güman edilir.
Xəbər verildiyi kimi, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb. FHN və Baş prokurorluğun birgə məlumatında qeyd edilir ki, yanğın bazar ertəsi saat 17:00 radələrində “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş verib. Yanğın 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb.
İlkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib.