Maliyyə Nazirliyinin Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 4076 ədəd zərgərlik məmulatı aşkar edib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Maliyyə Nazirliyi Ticarət Mərkəzində “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilməsi ilə bağlı yoxlama aparıb.
Qanunvericiliyə əsasən, sahibkarlar qiymətli metallar və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının satışını xüsusi razılıq (lisenziya) olduğu halda həyata keçirməlidir. Ticarət Mərkəzində aparılan yoxlama zamanı 29 fərdi sahibkardan yalnız beş nəfərin bu cür lisenziyası olub, qalan 24 nəfərin isə qanunsuz fəaliyyət göstərdikləri aşkar edilib.
“Nəticədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 4076 ədəd zərgərlik məmulatı aşkar edilib”, - deyə məlumatda qeyd olunur.
Aşkar edilən nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanun pozuntusu aşkar edilmiş sahibkarlara inzibati xəta protokolları tərtib edilib.