Hesablama Palatası Azərbaycan Dillər Universitetinin fəaliyyətində pozuntular aşkar edib. Bu barədə Palatadan məlumat verilib.
Universitetdə audit ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunmasının təhlili məqsədilə aparılıb.
Yoxlama göstərib ki, Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilib.
Bu hərəkətlərin dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğuna göndərilməsi qərara alınıb. Bundan başqaq, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimat yönəldilib.
Yoxlama nəticələri barədə məlumat həmçinin Təhsil Nazirliyinə və Milli Məclisə göndərilib.
Bundan başqa, Hesablama Palatası bir sıra yoxlama proqramını təsdiq edib. Xüsusilə, Palata dövlət büdcəsinin Lənkəran şəhəri üzrə yerli xərclərindən maliyyələşən Lənkəran şəhər İcra Hakimiyyəti aparatına, şəhər Təhsil şöbəsinə və şəhər Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin Zərdab rayonu üzrə yerli xərclərindən Təhsil şöbəsinə və rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit keçirəcək.