Cümə günü səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb. Bu barədə ANS telekanalı məlumat verib.
Təbii hadisənin şahidlərinin sözlərinə görə, səhər saat 05.00 radələrində vulkandan uğultu səsi gəlib, saat 09.00-da isə alov püskürməsi baş verib. Alovun hündürlüyü 100 metrdən artıq olub. Alov 15-20 dəqiqə ərzində müşahidə edilib, sonra zəifləyib. Püskürmə nəticəsində bir neçə hektar əraziyə palçıq yayılıb.
“Vulkan baş verdiyi zona yaşayış evlərindən ən azı 3-4 kilometr uzaqdadır. Bu səbəbdən evlər üçün heç bir təhlükə yoxdur”, - deyə hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Yeni və daha güclü püskürmə baş verəcəyi və evlər üçün təhlükə yaranacağı halda FHN insanların təxliyəsilə məşğul olacaq. “Hazırda heş bir təhlükə yoxdur”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birici yerdədir. Respublikada 800-dən 350 palçıq vulkanı mövcuddur.