Oktyabrın 9-da Budapeştdə Azərbaycan və Macarıstan sahibkarlarının iştirakı ilə biznes-forum keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, oktyabrın 8-9-da iqtidsadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə sahibkarlar daxil olacaq. Bununla əlaqədar, oktyabrın 9-da Azərbaycan-Macarıstan biznes-forumu təşkil ediləcək. Forum çərçivəsində Azərbaycan və Macarıstan sahibkarları arasında ikitərəfli görüşlər keçiriləcək.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.