2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətində müsbət saldo $9 mlrd. 812 mln. 145,99 min təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nın məlumatına görə, hesabat dövrü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $21 mlrd. 842 mln. 599,11 min (azalma 7,6%) təşkil edib.
Bununla yanaşı, həmin dövrdə ixracın həcmi $15 mlrd. 827 mln. 372,55 min (azalma 11,07%), idxal - $6 mlrd. 15 mln. 226,56 min (artım 2,96%) təşkil edib.
İxracın strukturunda 85,53% - xam neft, 5,45% - neft məhsulları, 2,42% - təbii qaz, 0,73% - kimya məhsulları, 0,05% - pambıq lifi, 0,53% - qara metal və ondan hazırlanan məmulatlar, 0,41% - alüminium və alüminium məmulatları, 0,71% - meyvə-tərəvəz məhsulları, 0,84% - bitki və heyvan mənşəli yağlar, 0,07% - alkoqollu məhsullar, qalan - digər məhsulların payına düşüb.
İdxalın strukturunda 10,7% - ərzaq məhsullarının, 27,53% - maşın və elektrik avadanlıqlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15% - nəqliyyat vasitələrinin, 13,49% - qara metal və ondan hazırlanan məmulatların, qalan - digər məhsulların payına düşüb.
Yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (21,37%), Fransa (6,93%), İndoneziya (8,41%), İsrail (8,84%), idxal əməliyyatlarını Türkiyə (15,54%), Rusiya (14,44%), Almaniya (8,14%) ilə həyata keçirib.
2012-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 146 dövləti ilə ticarət əməliyyatları həyata keçirirb. Ticarət əməliyyatlarında 3,895 min fiziki və 3,381 min hüquqi şəxs iştirak edib.