Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalayıb. Bu barədə rəsmi mətbuat məlumat verib.
Sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlara xüsusi aylıq təqaüd veriləcək.
Belə ki, təqaüdə Firuzə Xancalova - Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsi; Əli Məlikov - Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi; Mirpaşa Şükürov - Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi; Nəcəf Vəliyev - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi; Yusif Yusifov - Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi layiq görülüblər.