Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləməyə davam edəcək.Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənt Aras belə bəyan edib.
“Biz Azərbaycan torpaqlarının işğalını öz torpaqlarımızın işğalı kimi qəbul edirik.Türkiyə bu torpaqların tezliklə işğaldan azad edilməsinə səy göstərəcək”.- deyə B.Aras Bakıda “Türkiyə həftəsi”nin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Qeyd edək ki, “Türkiytə həftəsi” çərçivəsində siyasətçi, politoloq və alimlərdən ibarət Türkiyə nümayəndə heyəti tanışlıq məqsədi ilə Azərbaycanın müxtəlif rayonlarında səfərdə olub.
Səfərin yekunları barədə danışan B.Aras ermənilər tərəfindən bir hissəsi işğal edilmiş Ağdam rayonuna səfəri xüsusi qeyd edib.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov məhz Türkiyə nümayəndə heyətinin cəbhəyanı regiona səfərinin vacibliyini qeyd edib.”Türkiyə yalnız Azərbaycanın deyil, həmçinin bu regiondakı Qərb ölkələrinin də strateji müttəfiqidir, Qarabağ regionuna səfər türkiyəli həmkarlarımıza münaqişə zonasında vəziyyəti daha yaxşı anlamağa və maraqlarımızı müdafiə etməyə kömək edəcək”,- deyə F.Məmmədov qeyd edib.
İki ölkənin strateji araşdırmalar mərkəzlərinin rəhbərləri birgə layihələrin reallaşdırılması, o cümlədən gələn il Bakıda Qaradəniz regionu ölkələrinin “beyin mərkəzləri” rəhbərlərinin forumunun keçirilməsi, eləcə də üçüncü ölkələrin, ilk növbədə Gürcüstan, Qazaxıstan,Ukrayna və Rusiyanın analitik mərkəzləri ilə əməkdaşlığı möhkəmləndirmək barədə razılıq əldə edildiyini bildiriblər.