Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə məlumat veriblər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınan universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.
İ.Əliyev universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyaları, idman zalı ilə tanış olub.
İ.Əliyev professor-müəllim heyəti qarşısında çıxışında ali məktəbin yeni binasının inşası təşəbbüsünün reallaşmasında MDU-nun nailiyyətlərini qeyd edib. O bu layihəni “iki ölkənin dostluq münasibətlərinin nəticəsi” adlandırıb. Prezidentin sözlərinə görə, bu gün Azərbayan təhsil, tədris müəssisələrini kompüter texnologiyaları və internetlə təmin etmək üçün külli miqdarda vəsait sərf edir.
“Bir neçə il əvvəl mən “qara qızıl”ı insan kapitalına çevirək” şüarını irəli sürmüşdüm. Düşünürəm ki, biz bu istiqamətdə istəyimizə nail ola biləcəyik. Yəni ki, bu proses davam edir, bütün planlarımızın, sərmayələrin, ideyaların mərkəzində insan, Azərbaycan vətəndaşı, onun hüquqları, azadlıqları, rifahı, təhlükəsizliyi durur. Əminəm ki, Moskva Dövlət Universitetinin Bakı filialı bundan sonra da ən yüksək tələblərə cavab verəcək, inkişaf edəcək, tələbələrin və fakültələrin sayı artacaq və biz hamımız sizin yeni uğurlarınıza sevinəcəyik”, - DEYƏ Prezident bildirib.
V.Sadovniçi öz növbəsində qeyd edib ki, MDU-nun 5 filialı vardır ki, onların arasında Bakı filialı xüsusi fərqlənir. Rektor bu işdə dəstəyə, həmçinin Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın inkişafına görə İ.Əliyevə minnətdarlığını bildlirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Prezidentinin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə yaradılıb.