Bakıda elektrik enerjisi təchizatının dayandırılması səbəbindən fəaliyyətini dayandıran Bakı Metropoliteni artıq işini bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Metropolitenindən məlumat verilib.
“Bakı Metropoliteni işini 9:45 radələrində tam bərpa edib. “Azərenerji” SC sistemində qəza nəticəsində elektrik enerjisinin verilməsinin dayandırılması səbəbindən 6:55 radələrində Metropolitenin işi dayandlırılıb. Bu zaman metro tunellərinsdə qalan sərnişinlər təcili tunel və stansiyalardan təxliyə ediliblər. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb”, - deyə dispetçer xidmətinin nümayəndəsi məlumat verib.
Xəbər verildiyi kimi, cümə günü səhər saat 6:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. Ildırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlik transfatmatoru zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. “Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb”, - deyə məlumatda bldirilir.
“Azərenerji” SC qısa müddət ərzində ölkənin şəhər və rayonlarına enerji təchizatını tam bərpa edib”, - deyə məlumatda qeyd olunur.
Nəticədə Bakı daxil olmaqla Azərbaycanın 40%-dək ərazisi işıqsız qalıb. Bakıda işıqforlar da işləməyib, bu da yollarda tıxaclara səbəb olub. Bakının mərkəzi hissəsinə elektrik enerjisinin verilməsi bir saat ərzində bərpa edilib.
Elektrik enerjisi verilməsində məhdudiyyətlər həmçinin SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) struktur bölmələrinə təsir göstərib.
“Azərbaycanda quruda neft-qaz hasil edən bölmələrdə elektrik enerjisinin verilməsində qısamüddətli məhdudiyyətlər olub, bu isə onların işinə təsir göstərib. Neft və qaz emal edən zavodların işində də məhdudiyyətlər olub. Hazırda müəssisələrin işi normal rejimdə bərpa edilib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib. Qeyd olunub ki, “Günəşli” və “Neft Daşları” iri dəniz yataqlarında heft və qaz hasilatı dayandırılmayıb, çünki onlar elektrik stansiyaları ilə təvhiz olunub.
Azərbaycan İES-də hər birinin gücü 300 MVt olan 8 blok var.
Azərbaycanda istehsal edilən bütün elektrik enerjisinin təxminən 45%-i stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə olunur.