Elm və təhsil sahəsində böyük potensiala malik olan Azərbaycan yaxın gələcəkdə həqiqətən dünyanın intellektual mərkəzləri sırasına daxil olmalıdır. Bu barədə Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında Almaniyanın sabiq dövlət naziri, Avropa Məsələləri üzrə İnstitutun (İNEA) sədri Qramke Yurgen məlumat verib.
“Biz anlamalıyıq ki, təhsil – gələcəyin valyutasıdır. Gələcəyin yeni yaradıcılıq mərkəzləri – Braziliya, Hindistan, Rusiya, Çindir. Azərbaycan bu dövlətlərlə bir sıraya daxil olmalıdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan yalnız zəngin enerji resurslarına deyil, həm də çox böyük insan potensialına və hərtərəfli inkişaf üçün digər imkanlara malikdir.
“Fikrimcə, bu potensialın daha uğurla istifadəsi üçün Avropa institutları respublika ilə əməkdaşlığı möhkəmləndirməlidirlər”, - deyə Q.Yurgen vurğulayıb.
Bununla əlaqədar alman eksperti Bakı konfransının yekunları üzrə təşəbbüs qrupu yaratmağı təklif edib. Həmin qrup Azərbaycan və Avropanın elmi institutları arasında humanitar körpüləri möhkəmləndirəcək.
Q.Yurgen sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı müzakirə olunub və tərəflər yaxın zamanda elmi və təhsil sahəsində əlaqələrin möhkəmlənməsi üzrə konkret təşəbbüslərin hazırlanmasına dair razılığa gəliblər.
O vurğulayıb ki, elm və təhsil vasitəsilə Azərbaycan Avropa, xüsusilə də Almaniya ictimaiyyətinin gözündə özü haqqında təsəvvürü daha da genişləndirə bilər.
“Gələcəkdə biz Azərbaycanla elm və təhsil sahələrində əməkdaşlığı gücləndirməyi nəzərdə tuturuq”, - deyə o qeyd edib.
Q.Yurgen həmçinin bildirib ki, yaxın zamanda Helsinkidə regionun ölkləri arasında körpülərin salınmasına həsr olunan beynəlxalq forum keçirilməsi barədə ideya hazırlanacaq.