Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinə daxilolmaların Xırda Ödənişlər üzrə Hesablaşma Kliring Sistemi (XÖNKS) vasitəsi ilə həyata keçirildiyi rayonların sayını artırır.Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Nazirliyin məlumatına əsasən, 2012-ci il oktyabrın 8-dən Dövlət Xəzinədarlığı Agentliyi Zaqatala rayonu üzrə dövlət büdcəsinə bütün daxilolmaları XÖNKS vasitəsi ilə həyata keçirəcək.
“Bu proses elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, Xəzinədarlığın hesabına daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi məqsədilə həyata keçirilir”,- deyə məlumatda bildirilir.
Dövlət Xəzinədarlığı Agentliyi analoji praktikanı İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Bərdə, Ağcabədi, Lənkəran, Şirvan, Yevlax, Kürdəmir, Cəlilabad, Biləsuvar, Saatlı, Göyçay, Tovuz və Gədəbəy rayonu üzrə tətbiq edib.