Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ədəbiyyatla bağlı yeni təcrübə tətbiq edir. Bu barədə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov məlumat verib.
“Bununla bağlı komitə tərəfindən dini ədəbiyyatın xüsusi anketləşdirilməsi işinə başlanılıb. Dini ədəbiyyatın zərərli olmamasını təmin etmək üçün bundan sonra oxuculara verilən dini ədəbiyyat nümunələri xüsusi anketlə təqdim olunacaq”, - deyə E.İsgəndərov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, anketdə nəşr edən qurumun, müəllifin, maliyyə mənbəyinin ünvanı göstəriləcək
“Dini ədəbiyyat yayılması prosesi tam şəffaf olmalıdır. Ədəbiyyat haqqında məlumat komitənin saytında dərc olunacaq. Bu proses cəmiyyətin tələblərinə cavab verməlidir və xaotik olmamalıdır”, - deyə o əlavə edib.
Sədrin sözlərinə görə, Dövlət Komitəsi ölkəyə daxil olan dini ədəbiyyatın ekspertizası prosesinin təkmilləşdirilməsi istiqamətində işlər aparır.
Dövlət Komitəsinin bir ay ərzində yeni veb-saytı hazırlanacaq. Burada da anket və dini ədəbiyyatla bağlı digər prosedur qaydalar yerləşdiriləcək.