BMT-nin təşkilatçılığı ilə Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu (İİF) çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və ABŞ-ın Dövlət Departamenti arasında İKT sahəsində niyyət memorandumu imzalanacaq. Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar belə bəyan edib.Bu barədə RİTN-nin məlumatında bildirilir.
“İKT məsələləri üzrə Dövlət Katibliyinin koordinatoru Filipp Virviyerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti forumda iştirak edəcək. Amerika nümayəndə heyətinin iştirakı çərçivəsində İKT sahəsində niyyət memorandumunun imzalanması gözlənilir”,- deyə R.Morninqstar RİTN başçısı Əli Abbasovla görüş zamanı bildirib.
Səfir həmçinin, qeyd edib ki, sözügedən forum Azərbaycan üçün böyük imkanlar yaradacaq.
Ə.Abbasov İKT sahəsində həyata keçirilən layihələr, o cümlədən TALSİM, Azərbaycan hökuməti ilə “Microsoft” şirkəti arasında Data Mərkəzin yaradılması barədə əldə edilmiş müqavilə barədə səfirə məlumat verib.
Regional səviyyəli layihələrədən danışarkən Ə.Abbasov süni peykin buraxılmasının təşkili sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu qeyd edib.