Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda bəzi qüvvələrin dini qarşıdurma yaratmaqda maraqlı olduqlarını bəyan edib.
“Qarşıdurma yaratmaqda maraqlı olan müxtəlif qüvvələr mövcuddur. Azərbaycanın şimal və ya cənubunda, Azərbaycanın reallıqlarına qərəzlə yanaşan qüvvələr din vasitəsilə təsir göstərməyə çalışırlar”, - deyə A.Paşazadə bazar ertəsi Oğuzda keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninqdə jurnalistlərə bildirib.
“Şadam ki, Azərbaycanda müxtəlif konfessiyalar arasında dini qarşıdurma mövcud deyil”, - deyə o vurğulayıb.
QMİ sədri qeyd edib ki, “qara qüvvələr” Azərbaycanda müstəqillik bərpa ediləndən sonra dini tənliğat aparmağa başladılar. “Açıq söyləyirəm, özlərini vahhabilər, radikal şiyələr adlandıran bu qüvvələr xalqımıza yad ideyaların təbliğatına başladılar”, - deyə o bəyan edib.
A.Paşazadə həmçinin məscid tikintisinə toxunaraq bildirib ki, dövlət və ayrı-ayrı şəxslər tərəfindən məscidlər tikilib və tikilir. “Biz məscid tikintisinin əleyhinə deyilik, lakn bunun üçün xaricdən maliyyə alan şəxslər var. Öz ideyalarını təbliğ etmək üçün müstəqillik dövründə çoxlu sayda məscid və məbədlər tikilib. Onların əksəriyyəti fərdi evlərdə qeydiyyatdan keçib, bununla əlaqədar biz indiyə qədər çətinliklərlə üzləşirik, çünki orada axund və imamların hansı ideyaların təbliğatı ilə məşğul olduqları naməlumdur”, - deyə A.Paşazadə bəyan edib.
Onun sözlərinə görə, SSRİ dövründə Azərbaycanda 18 məscid və bir ziyarətgah fəaliyyət göstərib. Bu gün isə məscidlərin sayı 1,7 mini ötüb. “Təxminən 70-80 məscid xarici ölkələrin, qalanı isə - Azərbaycanın maliyyə dəstəyi ilə tikilib”, - deyə o vurğulayıb.