S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının kollektivi Sankt-Peterburqda uğurla çıxış edib. Bu barədə “İnterfaks –Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Sentyabrın 25-də teatr görkəmli dramaturq M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli Şah” komediyası əsasnda hazırlanmış tamaşanı təqdim edib. Tamaşa V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrının səhnəsində göstərilib.
Tamaşa başlamazdan öncə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və tearın baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovski giriş nitqi ilə çıxış ediblər.
Q.Osmanov qeyd edib ki, 2012-ci il TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) tərəfindən Axundov ili elan edilib, bu tamaşa böyük Azərbaycan mütəfəkkirinin 200 illik yubileyinə həsr olunur.Həmçinin, bu qastrollar Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərir.
“Mən xoşbəxtəm ki, bizim teatrın truppasına V.F.Komissarjevski adına əfsanəvi tearının səhnəsində çıxış etmək imkanı verilib.Bu bizim üçün böyük şərəfdir”,- deyə A.Şarovski çıxışında bildirib.
Qastrol Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə təşkil olunub.