Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2012-ci ilin yanvar-sentyabr aylarında 922 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİTN-dən məlumat verilib.
Həmin REV-lər 520 təşkilat, müəssisə və şirkətdə texniki baxış zamanı aşkar edilib.
“Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 922 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Onlardan 166 ədədi qeydiyyata salınıb, 388 ədədi möhürlənib və dövriyyədən çıxarılıb, 388 ədədin isə qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür”, - deyə məlumat verilib.
Hesabat dövründə RİTN-in məlumatına görə, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 54 protokol tərtib edilib.
Nazirlikdən həmçinin məlumat verilib ki, DRİ o cümlədən “Bakcell”, “Azerfon”, “Azercell Telekom” şirkətlərində, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərenerji” ASC-də istismar olunan REV-ə texniki baxış keçirib.