“Euronews” telekanalının direktoru Maykl Piters hesab edir ki, telekanal Azərbaycanı kifayət qədər ətraflı işiqlandırır. Bununla yanaşı, o gələcəkdə bu informasiyanın daha çox olacağına ümid edir.
Bakıda video-konfrans zamanı M.Piters azərbaycanlı jurnalistlərin telekanalın Cənubi Qafqaz haqqında reportajlarda Gürcüstana çox, Azərbaycana az vaxt ayırması barədə fikirləri ilə razılaşmadığını ifadə edib.
“Euronews” Azərbaycanı BBC və CNN telekanallarından daha çox işıqlandırır. Ümid edirik ki, bizim tərəfdaşımız- Azərbaycan İctimai Televiziyası ilə əməkdaşlıq hesabına ölkəniz bizim telekanalda daha çox təmsil olunacaq”,- deyə o bildirib.
M.Pitersin sözlərinə görə, telekanal rəhbərliyi bunun üçün səy göstərir. Dünyanın bir neçə ölkəsi ilə eyni anda keçirilən video konfrans zamanı M.Piters telekanalın gələcək inkişaf planları barədə ətraflı məlumat verib.