Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Cənubi Koreyanın səfiri Çoi Suk –İn İKT və poçt sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə nazirlikdən bildirilib.
Tərəflər xüsusən, poçt sahəsində Azərbaycan-Koreya əməkdaşlığı, Koreya İxrac-İdxal Bankının Azərbaycanda “Elektron hökumət”in tətbiqi ilə bağlı təklif etdiyi maliyyə vəsaiti, həmçinin Koreyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı məsələləri müzakirə ediblər.
Ə.Abbasov Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı elan edilmiş tenderə Koreya şirkətinin maraq göstərdiyini də vurğulayıb.
O Koreya şirkətlərinə Azərbaycanda genişzolaqlı internet xidmətlərinin tətbiqi istiqamətində həyata keçirilən layihələrdə iştirak etməyi tövsiyə edib.
Nazir Koreya nümayəndə heyətini BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrda Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumu (İİF), eləcə də Bakutel sərgi-konfransında iştirak etməyə dəvət edib.