Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsinə dair müqavilənin uzadılması şərtlərində razılaşa bilərlər. Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov belə hesab edir.
“Dövlətlərin birinci şəxsləri bu məsələyə dair fikir söyləməyincə, düşünürəm ki, Rusiya Qəbələ RLS-i tərk etməyəcək”, - deyə Ü.Cəfərov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ekspert tərəflərin güzəştli həll yolu tapacaqlarına əmindir.
Ü.Cəfərov qeyd edib ki, Rusiyanın inşa etdiyi ən yeni Armavir RLS Qəbələdə stansiyanın funksiyalarını tam həyata keçirmək iqtidarında deyil.
Öncə “İnterfaks” agentliyinə mənbə bildirib ki, Qəbələ RLS-in icarəsinə dair danışıqlarda Bakı və Moskva möpvqelərini yaxınlaşdıra bilməyiblər. “Rusiya tərəfinin təklif etdiyi əvvəlki maliyyə şərtləri ilə 2-3 ilə müvəqqəti icarə sazişi imzalamaq barədə güzəştli qərarı Bakını qane etmir. Heç bir sazişin imzalanmaması və Rusiyanın stansiyanın icarəsindən imtina etməsi ehtimalı böyükdür”, - deyə mənbə qeyd edir. Onun sözlərinə görə, belə olduğu halda Rusiyada Armavirdə yeni RLS-in hava-kosmik müdafiə qoşunlarının döyüş tərkibinə sürətlə daxil edilməsinə dair tədbirlər görülüb.