İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri 2012-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 3 mln. 40 manat ödəyiblər. Bu barədə İcbari Sığorta Bürosunun məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tariflərlə satışına başlanıb.
“2012-ci ilin yanvar-sentyabr aylarında Büro üzvü olan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər göstərmək hüququna malik sığorta şirkətləri həmin icbari sığorta hadisələri və sığorta ödənişlərinin həyata keçirilməsinə dair 2026 tələb qeydə alıb. 1863 sığorta hadisəsi üzrə 3 mln. 40 min manat məbləğində ödəniş həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Büronun məlumatına görə, 9 hadisə üzrə sığorta ödənişi rədd edilib, 154 hadisə üzrə təhqiqat davam edir.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda Büronun üzvü olan 12 sığorta şirkətindən 11-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər göstərmək hüququna malikdir.
“İcbari sığorta növləri haqqında” qanun icbari sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin sığortası.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətlərinin iflasa uğradıqları zaman həyata keçiriləcək.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.