Azərbaycan “Şahdəniz” yatağından Türkiyəyə qaz tədarükünü müvəqqəti dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən (“Şahdəniz” yatağının işlənməsinə dair layihənin texniki operatoru - İF) məlumat verilib.
“Türkiyənin “BOTAS” şirkətinin xahişi ilə gecə saatlarından etibarən “Şahdəniz” yatağından Türkiyəyə qaz tədarükü müvəqqəti dayandırılıb. Bununla yanaşı, “Şahdəniz” yatağından Azərbaycan qazının Cənubi Qafqaz magistral boru kəməri vasitəsilə (Bakı-Tiflis-Ərzurum – İF) Azrbaycana və Gürcüstana, o cümlədən Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin nasos stansiyalarına tədarükü normal rejimdə davam etdirilir”, - deyə “BP-Azerbaijan” şirkətinin nümayəndəsi qeyd edib.
Lakin o Türkiyəyə qaz tədarükünün dayandırılması və bərpası müddətini dəqiqləşdirməyib.
Türkiyə mətbuatının məlumatına görə, Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının müvəqqəti dayandırılmasına kəmərin Türkiyə hissəsində partlayış səbəb olur. Qaz kəmərinin operatoru Türkiyənin “BOTAS” şirkətidir.
“Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində partlayış çərşənbə günü 20:00 radələrində Qars vilayətinin Sarıqamış kəndi yaxınlığında baş verib. Partlayış nəticəsində alovun hündürlüyü 75 metri ötüb. Partlayışın səbəbləri məlum deyil. Türkiyə höküməti araşdırmalara başlayıb”, - deyə mətbuatda qeyd olunur.
Xəbər verildiyi kimi, uzunluğu 690 km olan Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün çəkilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir. “Mərhələ-1” çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında qazın satışına dair sazişlər imzalanıb.