Azərbaycanin iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə İş Adamları Birliyinin(ATİB) rəhbərliyi ilə görüşüb. Bu barədə ATİB-in məlumatında bildirilir.
Görüşdə Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Türkiyə əlaqələri dinamik inkişaf edir və bu istiqamətdə böyük perspektivlər mövcuddur. Nazir əlavə edib ki, Azərbaycan – Türkiyə əlaqələrinin dərinləşməsi üçün yalnız dövlətin deyil, iş adamlarının da üzərinə məsuliyyət düşür.
ATİB idarə heyətinin sədri Camal Yanğın öz növbəsində qeyd edib ki, Azərbaycn və Türkiyə şirkətləri fəal şəkildə üçüncü ölkələrə birgə investisiya qoyuluşları həyata keçirirlər.
Görüşdə ATİB və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
ATİB 2004-cü ilin aprel ayında yaradılıb. Hazırda, istehsal, xidmət, maliyyə sektorunda fəaliyyət göstərən 90 şirkət birliyin üzvüdür. ATİB üzvü olan şirkətlər Azərbaycanın qeyri-neft sektoruna $3 mlrd.-dan artıq sərmayə yatırıblar.