Dağlıq Qarabağ münqaişəsinin nizamlanması vaxtı gəlib çatıb və Ermənistan beynəlxalq təşkilatların müvafiq qərarlarına tabe olmalıdır.Azərbaycan Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılş mərasimində belə bəyan edib.
“ Münaqişəni həll etmək vaxtı gəlib çatıb, Ermənistan beynəlxalq hüquq normalarına tabe olmalı, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır.O zaman regionda real sülh və sabitlik yaranacaq”,- deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün qaçqınların sayına görə dünyada birinci yeri tutur. Onun sözlərinə görə, Azərbaycan xalqı Xocalı faciəsini yaşayıb, bu şəhərin dinc sakinlərinə qarşı soyqrım həyata keçirilib, ermənilər işğal edilmiş torpaqlarımızda mədəni və tarixi abidələri məhv ediblər.
“Lakin, bu günə qədər bu vəhşiliyi törədənlər dünya birliyinin qınağı ilə qarşılaşmayıblar”,- deyə İ.Əliyev qeyd edib.
Prezident bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək üçün bir çox qərarlar qəbul ediblər. “Ancaq təəəssüf ki, bu qərarların icra mexanizmi yoxdur. Bu şərtlər altında onlara və onların yerinə yetirilməsinə inam azalır”,- deyə o qeyd edib.
Dövlət başçısı söyləyib ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən digər beynəlxalq qətnamələr hələ də yerinə yetirilməyib. İ.Əliyev qeyd edib ki, bunun səbəbi, Ermənistanın “status-kvo”nu saxlamaq cəhdidir. ”Lakin “status-kvo” əbədi davam edə bilməz və o dəyişdiriləcək. Biz bunu sülh yolu ilə həll etmək istəyirik, çünki bu gün Azərbaycan regionda sabitləşdirici rol oynayır və biz sabitliyin pozulmasını istəmirik”,- deyə İ.Əliyev bəyan edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.