Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi alban kilsəsinin irsinin qorunmasına dair layihə üzərində iş aparır. Bu barədə Komitənin sədri Elşad İskəndərov bəyan edib.
“Biz çox maraqlı siyahı əldə etdik. Burada bildirilir ki, Dağlıq Qarabağ ərazilərində alban kilsələrinin ilk iclasında erməni kilsəsinin heç bir şöbəsi və bu mərkəzin heç bir ziyarətgahı mövcud olmayıb”, - deyə E.İskəndərov cümə günü İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Cəmiyyətin həyatında multimədəniyyət” mövzusunda konfransda jurnalistlərə bildirib.
“Ermənilərin iddia etdikləri kimi, əgər erməni kilsəsi Qafqazda tarixi boyu olubsa, o zaman monastırlar, kilsələr, həmçinin Qafqazda onların digər şöbələri mövcud olmalı idi. Bu siyahılarda onlar yoxdur. Bu bir daha təsdiq edir ki, alban kilsələri 19-cu əsrin ortalarında həmin ərazilərin Rusiya imperiyasına daxil edildikdən sonra erməni tərəfinə verilib”, - deyə o bildirib.
Dövlət Komitəsinin sədrinin sözlərinə görə, alban kilsələri ermənilərə verildikdən sonra arxivlərin məhv edilməsi və kilsələrin memarlığında dəyişikliklərə başlanılıb.
“Alban mədəniyyətinin dini obyektləri erməniləşdirilib. Bu faktlar tarixdə unudula bilməz, onlar toplanır”, - deyə E.İskəndərov bildirib.
Onun sözlərinə görə, 7-8 il öncə Misirdə Sinay yarımadasında alban kilsəsinə məxsus olan qədim İncil tapılıb. Onun tərcüməsi artıq hazırlanıb. “Bu qədim yazılar, həmçinin digər faktlara əsaslanaraq biz alban kilsəsinin qədim Azərbaycan torpaqlarında inkişaf etdiyini və Azərbaycanın udin icmasının mədəni və mənəvi irsi olduğunu sübut edəcəyik”, - deyə o qeyd edib.
Yekunda E.İskəndərov vurğulayıb ki, Azərbaycan ermənilər tərəfindən udinlərə qarşı ədalətsizlik faktlarını dünya ictimaiyyətinə çatdırılmasına dair iş aparır.