Prezident İlham Əliyev regionlara səfəri çərçivəsində Yevlax və Zərdab rayonlarında aparılan quruculuq və abadlıq işləri ilə tanış olub.Bu barədə rəsmi KİV-də məlumat verilir.
Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində inşa olunmuş məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində bildirildi ki, bu layihə 2006-cı ildə BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında imzalanan saziş çərçivəsində həyata keçirilir.
Həmçinin İlham Əliyev Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib, Kür çayının sahilində yaradılan “Bulvar” istirahət mərkəzinin tikinti və yenidənqurma işləri ilə tanış olub, eləcə də Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak edib.
Prezident həmçinin, Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak edib. Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə tanış olub.
Yevlax şəhərinə səfəri başa çatdıqdan sonra Prezident İlham Əliyev Zərdab rayonunda Heydər Əliyev Mərkəzinin və “Yeni Azərbaycan” partiyasının Zərdab rayon təşkilatının yeni binasının, Gənclik Mərkəzinin açılış mərasimlərində iştirak edib.
O həmçinin, Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olub. Dövlət başçısına bildirilib ki, kəmərin istifadəyə verilməsi ilə 157 min nəfərin su problemi həll olunacaq.