İranın prezidenti Mahmud Əhmədinejat Azərbaycana işğüzar səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
“Prezident M.Əhmədinejat oktyabrın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində iştirak etmək üçün Azərbaycana gələcək”, - deyə İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmmməd Ayətullahi məlumat verib.
Onun sözlərinə görə, İran rəhbəri bir günlük səfərlə Bakıya gələcək.
Sammitdə iştirak etmək üçün həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycan səfər edəcək. Bu barədə Türkiyənin nazirlər kabinetinin rəsmi saytında məlumat verilib.
Bundan başqa, Sammitdə o cümlədən Pakistanın hökümətinin rəsmi şəxslərinin iştirakı gözlənilir.
“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində kimin iştirak edəcəyi hələlik dəqiqləşməyib. Bu ya Pakistanın prezidenti, ya baş naziri, ya da XİN rəhbəri ola bilər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə Pakistanın Bakıdakı səfirliyindən məlumat verilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), beynəlxalq təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Təşkilatın əsas məqsədləri öz əksini 1977-ci il martın 12-də imzalanan İzmir Müqaviləsində İƏT-in fəaliyyətini tənzimləyən əsas sənəddə tapıb.