Gələn il Bakı Dövlət Universitetində (BDU) Transmilli Cinayətkarlıq üzrə magistratura yaradılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Bununla bağlı razılaşma BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun direktoru Hans Albrext və MDB ölkələri və Gürcüstan üzrə əlaqələndirici, doktor Eliko Tsiklauri-Lammixlə görüşdə əldə edilib.
Görüşdə A.Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Öz növbəsində, H.Albert qeyd edib ki, rəhbərlik etdiyi universitet bütün dünyada cinayət hüququnun müqayisəli təhlilini aparır, BMT, AŞ və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və müvafiq tövsiyələr verir.
Qonaq BDU-nun Hüquq fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub və universitetlə əməkdaşlıq qurulmasında maraqlı olduğunu bildirib.
Görüşün nəticəsi olaraq, gələn il BDU-da Transmilli Cinayətkarlıq üzrə magistraturanın yaradılması, universitetin tələbələri və gənc alimlərinin Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun doktoranturasına göndərilməsi qərara alınıb.