Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı oktyabrın 12-13-də Moskvada III hesabat-seçki konfransı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə təşkilatdan məlumat verilib.
Belə ki, oktyabrın 12-də RAGT-nın hesabat-seçki konfransı keçiriləcək. Konfrans çərçivəsində WWF (Ümumdünya Vəhşi Təbiət Fondu) ilə qarşılıqlı anlaşma sənədi imzalanması nəzərdə tutulub.
Həmin gün Rusiya və Azərbaycan gənclər QHT-lərin görüşü keçiriləcək, bir sıra sərgilərin təşkili planlaşdırılır: ekoloji (“İDEA”); Azərbaycan mədəniyyəti (milli musiqi alətləri, xalçalar, şirniyyat, şəkillər); RAGT-nın nəşrləri; Azərbaycan Gənclər Fondunun təqdimatı.
Bundan başqa, 500 nəfərin iştirakı ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Forumu keçiriləcək. Tədbirdə təşkilatın sədri Leyla Əliyevanın, Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun, Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, Rusiyanın təhsil və elm naziri D.Livanovun, Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlunun, Rusiyanın rabitə və kütləvi kommunikasiya naziri N.Nikiforovun, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının sədri Fuad Muradovun çıxışları gözlənilir. Tədbirdən sonra Azərbaycan və Rusiya estrada ulduzlarının iştirakı ilə “RAGT yaxınlaşdırır” adlı konsert keçiriləcək.
Oktyabrin 13-də forum “Təmiz gələcək naminə məsuliyyət”, “Sosial media və gənclər”, “Multikulturalizmin alternativi yoxdur” bölmələrində işini davam etdirəcək.