Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə rəsmi mətbuat xəbər verir.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında 20 illik əlaqələrin inkişafından məmnunluq ifadə edilib, ölkəmizlə əməkdaşlığın böyük potensiala malik olduğu və Dünya Bankının bu əməkdaşlığı daha da dərinləşdirilməkdə maraqlı olduğu vurğulanıb.
Bundan başqa, tərəflər Azərbaycanın əldə etdiyi yüksək iqtisadi uğurların önəmini qeyd ediblər.
Görüşdə, həmçinin infrastruktur, bərpa olunan enerji, içməli su təminatı, su ehtiyatları və suvarma sistemləri, Xəzər dənizindən suvarma məqsədi ilə istifadə, müasir texnologiyaya əsaslanan kənd təsərrüfatı müəssisələrinin yaradılması, yerlərdə sahibkarlığın inkişafına dəstək, iqtisadiyyatın şaxələndirilməsi, bir sıra sahələrdə islahatların davam etdirilməsi və Azərbaycanın prioritet hesab etdiyi digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.