Xəzər dənizində bir neçə yeni seysmoloji stansiya quraşdırılacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli çərşənbə günü mətbuat konfransında məlumat verib.
“Günəşli”, “Bahar” və “Ümid” neft-qaz yataqları yaxınlığında üç yeni stansiya quraşdırılacaq”, - deyə Q.Yetirmişli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 31 seysmoloji stansiya fəaliyyət göstərir, gələcəkdə daha dörd stansiyanın quraşdırılması planlaşdırılır. “Lakin, bu kifayət deyil. Məsələn, Kaliforniya ştatında (ABŞ) təxminən 2 min stansiya fəaliyyət göstərir”, - deyə o bildirib.
Respublikada baş verən son yeraltı təkanlar məsələsinə toxunan Q.Yetirmişli qeyd edib ki, Azərbaycanda seysmoloji bölgələrin ən aktivi Şamaxı-İsmayıllı zonasıdır. Lakin, yeraltı təkanların dəqiq zamanı və tarixini proqozlaşdırmaq hələlik mümkün deyil.
“Bir sıra tədqiqatlar apararaq hansı zonada enerji toplandığını bildirə bilərik, lakin zəlzələnin zamanını proqnozlaşdırmaq hələlik mümkün deyil”, - Q.Yetirmişli izah edib.
O həmçinin qeyd edib ki, aktiv seysmik zonalarda təkanlar gələcək də davam edəcək.
“Dünyada seysmik fəallığa təsir göstərən bir çox proseslər baş verir”, - deyə o bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycan ərazisində yeraltı təkanların sayı 10 mini ötüb.