2012-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti $16-17 mlrd. səviyyəsində proqnozlaşdırılır. Bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.
E.Rüstəmovun çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
“Tədiyə balansında ilin sonuna $16-17 mlrd. həcmində profisit gözləyirik”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, ixracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. “Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən $5 mlrd. həcmində gözlənilir. 2008-ci ildən bəri bu göstərici 2 dəfə artıb”, - deyə o qeyd edib.
E.Rüstəmov vurğulayıb ki, qeyri-neft sektorunun davamı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan verib. Xüsusilə, məşğulluq səviyyəsi 95% təşkil edir. “2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılıb. Təkcə 2012-ci ilin 9 ayında 94 min yeni iş yeri açılıb”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2012-ci ilin I yarısında tədiyə balansının cari əməliyyat hesabının profisiti $8 mlrd.-ı ötüb.
2011-ci il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyat hesabının profisiti $17 mlrd. 146,1 mln. təşkil edib.