Gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə yekunlaşmalıdır. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
“Əminəm ki, növbəti ilin sonuna qədər bu proqram tam şəkildə yekunlaşacaq və Bakı qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həllinə nail olacağıq”, - deyə İ.Əliyev qeyd edib.
“Bütün qəsəbələrdə quruculuq işləri aparılır. İlk növbədə, su-kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə başlanacaq”, - deyə o əlavə edib.
Prezident həmçinin söyləyib ki, paralel olaraq qazlaşdırma, məktəblərin, xəstəxanaların, poliklinikaların tikintisi, iş yerlərinin yaradılması prosesi gedir.
“Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iqtisadi inkişafına yönəlmiş layihələr icra edilir. Yəni, biz qəsdən 2 illik zaman kəsiyi götürdük ki, bu məsələni tezliklə həll edək”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident paytaxt küçələrində maşınların parkinqi məsələsinə toxunaraq bildirib ki, hökumət avtomobil sahiblərinin bu probleminə anlayışla yanaşır. Onun sözlərinə görə, Bakıda böyük parkinqlər tikilir. Parkinqlər tikilib istifadəyə verildikdən sonra küçədə bir dənə də olsun maşın qanunsuz olaraq parkinq etməməlidir.
“Çünki Bakı küçələrində kifayət qədər çox maşın dayanır. Əlbəttə ki, bu, yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?! Parkinqlər tikilənə qədər bu məsələyə bir qədər göz yummaq mümkündür”, - deyə İ.Əliyev bildirib.
O həmçinin deyib ki, şəhərin mərkəzində bir neçə böyük avtomobil dayanacağı tikilir.
“Onlardan biri Heydər Əliyev Sarayının arxasında tikilir ki, orada 4 min maşın saxlamaq mümkündür. Azadlıq meydanının altında da böyük parkinq tikilir. Orada ən azı 2 min maşın saxlamaq mümkün olacaq. Mən Hacıbala Abutalıbova tapşırdım ki, şəhərdə parkinqlərin tikilməsi üçün digər yerlər müəyyən edilsin”, - deyə dövlət başçısı əlavə edib.