Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı bu günə qədər keçirilən çempionatlardan ən idealı idi.FİFA Təşkilat Komitəsinin üzvü, Anastasiya Tsiklas belə hesab edir.
“Təəsüf ki, Azərbaycan komandası bu çempionatda uğur qazana bilmədi.Ancaq digər tərəfdən baxsaq, belə vacib çempionatın Bakıda keçirilməsi gələcəkdə qadın futbolunun inkişafına müsbət təsir göstərə bilər”.- deyə A.Tsiklas cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyətə baxılarsa, Azərbaycanda qadın futbolunun gələcəyi uğurlu olacaq.
“Hazırki vəziyyətdə əminliklə demək olar ki, sizin komandanız gələcəkdə öz sözünü deyəcək”,- deyə o qeyd edib.
FİFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən 17 yaşadək qızlar arsında futbol üzrə dünya çempionatı sayca üçüncü çempionatdır.Avrasiyada ilk dəvə keçirilən bu turnir 2012-ci il sentyabrın 22-də start götürüb, oktyabrın 13-də başa çatacaq.
Çempionatın Azərbaycanda keçirilməsinə dair qərar 2010-cu il martın 19-da qəbul edilib.Turnirdə iştirak etmək üçün 16 komanda vəsiqə qazanıb.Azərbaycan təşkilatçı ölkə kimi seçim mərhələsindən birbaşa finala keçib. Qalan 15 komanda seçim turları nəticəsində müəyyən edilib.