İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri regional əməkdaşlığın prioritetlərini müəyyən etməlidir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT Nazirlər Şurasının 20-ci iclasını açaraq bildirib.
"Region böyük potensiala malikdir. Biz iqtisadi əməkdaşlığın prioritet sahələrini müəyyən etməliyik. Həmçinin ekologiya, elm və elmi araşdırmalar məsələsi önəmlidir. Bu region ticarət və investisiyalar üçün böyük maraq kəsb edir", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, İƏT çərçivəsində reallaşdırılan və perspektiv layihələr arasında nəqliyyata xüsusi yer ayrılır. "Bu baxımdan Bakı-Tiflis-Qars və Şimal-Cənub dəmir yollarının tikintisi layihələrini qeyd etmək lazımdır", - deyə E.Məmmədyarov söyləyib.
XİN başçısı həmçinin kommunikasiya sektorunda əməkdaşlığın əhəmiyyətini vurğulayıb. "2015-ci ilə qədər bu sahədə əməkdaşlığın inkişaf mexanizmləri hazırlanmalıdır", - deyə o bildirib.
Bununla yanaşı, E.Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitlik mənbəyi olaraq qalır və genişmiqyaslı layihələrin inkişafına mane olur.
İƏT-ə Azərbaycan, Əfqanıstan, İran, Pakistan, Türkiyə, Qazaxıstan və Mərkəzi Asiya ölkələri daxildir.